top of page
Designing on a Tablet

Bioqrafiya

Estetik Diş.jpeg
Biografiya

Cavid ƏHMƏDBƏYLİ

Stomatoloq I Uzman Parodontoloq & İmplantoloq

Diş əti xəstəlikləri və Cərrahiyyəsi Uzmanı I Tibb üzrə Fəlsəfə Doktoru

Ə.Əliyev adına ADHTİ-nin Parodontologiya kafedrasının dosenti

Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti

Cavid Əhmədbəyli 2000-2013-ci illərdə İstanbul şəhərində Yeditepe Universitetində təhsil alıb. 2005-ci ildə Yeditepe Universitetinin stomatologiya fakültəsini bitirdiktən sonra həmin universitetin Səhiyyə Elmləri İnstitutunda doktoranturaya daxil olub. Yeditepe Universitetində Avropa Parodontologiya Federasiyası tərəfindən akkreditə olunmuş parodontologiya üzrə rezidentura proqramını bitirərək 2011-ci ildə Federasiyanın Parodontologiya və İmplantologiya üzrə ixtisaslaşmış mütəxəssis diplomunu alıb. 2012-ci ildə Yeditepe Universitetinin parodontologiya kafedrasında «İncə biotipli çoxsaylı diş əti çəkilmələrin taca istiqamətlənmiş dilimlə təkbaşına və ya hüceyrəsiz dermal matrisa membranı ilə birlikdə cərrahi müalicəsi» mövzusunda dissertasiyanı müdafiə edərək Parodontologiya ixtisası üzrə doktorantura proqramını bitirib, PhD in Periodontology elmi dərəcəsini alıb. 2013-cü ildə Türkiyə Respublikası Səhiyyə Nazriliyi tərəfindən Parodontologiya ixtisası üzrə uzmanlıq diplomu verilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2009-cu ildə Stomatologiya ixtisası, 2020-ci ildə Parodontologiya ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamələr verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2016-cı ildə Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini, 2022-ci ildə isə Dosent elmi adını alıb.

      Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının 2015-2018-ci illərdə assistenti, 2018-2023-cü illərdə dosenti vəzifəsində çalışıb, 2023-cü ildən hal-hazıradək Parodontologiya kafedrasının dosentidir. Dişlər & implantlar ətrafında diş əti xəstəliklərinin qeyri-cərrahi müalicəsində antimikrob və probiotik vasitələrinin tədbiqi; regenerativ və estetik plastik parodontoloji cərrahiyyəsi üzrə tədqiqatları yerli və beynəlxalq elmi konfranslarda təqdim olunub və nüfuzlu jurnallarda nəşr olunub. 75-ə qədər elmi əsərin və Parodontologiya adlı tədris vəsaitinin müəllifidir. Journal of Advanced Periodontology and Implant Dentistry jurnalının redaksiya şurasının üzvüdür. 2009-ci ildən 2021-ci ilə qədər 5A Dent klinikasında həkim-stomatoloq və uzman parodontoloq, 2022-ci ildən hal-hazıradək Estetik Diş klinikasında uzman parodontoloq olaraq fəaliyyət göstərir. 

       Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-2023-cü illərdə Stomatologiya, 2023-cü ildən hal-hazıradək Parodontologiya ixtisası üzrə rezidentlərin yekun attestasiya komissiyasının, 2021-ci ildən hal-hazıradək Sertifikasiya Komissiyanın Parodontologiya ixtisası üzrə işçi qrupunun üzvüdür. 2019-cu ildə ölkəmizdə Parodontologiya ixtisasısın Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən rəsmi tanınmasında və 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ali tibb təhsil pilləsinin dövlət standartı rezidentura səviyyəsi üzrə Parodontologiya (060944) ixtisasının təhsil proqramının tərtib olunmasında fəal iştirak etmişdir.

   2012-ci ildə Azərbaycan Parodontologiya Cəmiyyətini təsis etmişdir və hazırda həmin təşkilatın İdarə Heyətinin üzvü və prezidentidir. 2017-2019-cu illərdə Avropa Parodontologiya Federasiyasında Azərbaycan Parodontologiya Cəmiyyətinin nümayəndəsi olub. 2017-ci ildə İspanyanın Santiago De Compostela şəhərində keçirilən Avropa Parodontologiya Federasiyasının Baş Assambleyasında Azərbaycan Parodontologiya Cəmiyyətini təmsil etmişdir və bu tədbirdə Cəmiyyətin Federasiyanın assosiativ üzvü seçilməsinə nail olmuşdur. 2013-cü, 2016-cı və 2018-ci illərdə Bakı şəhərində Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən təşkil olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Avropa Parodontologiya Federasiyasının dəstəyi ilə keçirilən EstePerio Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqreslərinin Təşkilat Komitəsinin sədri olub. 2017-ci ildə Avropa Parodontologiya Federasiyasının və Azərbaycan Parodontologiya Cəmiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilən 12 May Beynəlxalq Diş Əti Sağlamlığı Günü üzrə Azərbaycanın Milli Koordinatoru olub. Avropa Parodontologiya Federasiyası tərəfindən akkreditə olunmuş parodontologiya üzrə rezidentura proqramınının ilk Azərbaycanlı məzunu (EFP Alumni) olaraq 2018-ci ildə Niderlandın paytaxtı Amsterdam şəhərində Avropa Parodontologiya Federasiyasının təşkilatcılığı ilə keçirilən EuroPerio9 beynəlxalq parodontologiya konfransının PerioTalks sessiyasında “Life experience changing national periodontology vision” mövzusunda məruzə ilə cıxış etmişdir və 2021-ci ildə Federasiyanın nəşri olan Perio Life jurnalının 2-ci sayısında “Multidisciplinary or specialist practice?” müsahibə vermişdir. Parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatı; parodont xəstəlikləri-şəkərli diabet (Perio&Diabet), diş əti xəstəlikləri-dişlərin kariyesi (Perio&Caries), diş əti xəstəlikləri-ürək və damar xəstəlikləri (Perio&Cardio), ağız boşluğu sağlamlığı və hamiləlik (Oral Health&Pregnancy) kimi Avropa Parodontologiya Federasiyasının beynəlxalq maarifləndirmə kampaniyalarının Azərbaycan dilində tərtib edilməsi üzrə işçi qrupunun rəhbəri olub. 2022-ci ildə Avstriyanın Viyana şəhərində keçirilən Avropa Parodontologiya Federasiyasının Baş Assambleyasında Azərbaycan Parodontologiya Cəmiyyətini təmsil etmişdir və bu tədbirdə Cəmiyyətin Federasiyanın tamhüquqlu üzvü kimi seçilməsinə nail oluşdur. Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında Avropa Parodontologiya Federasiyasının sıralarına tamhüquqlu üzv olarak qoşulan ilk Avropa ölkəsi olmuşdur. 2023-cü ildən Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən keçirilən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunan parodont və peri-implant xəstəliklərin diaqnostikası, qeyri-cərrahi və cərrahi müalicəsi üzrə 1 illik davamlı tibbi təhsil programı Parodontologiya Kurikulumunun mühazirəçisi və Təşkilat komitəsinin sədridir. 2023-cü ildə Avropa Parodontologiya Federasiyasın Danimarkanın Helsingor şəhərindəki Baş Assambleyasında Federasiyaya üzv olan 37 ölkənin gizli səsverməsi nəticəsində Federasiyanın 2026-cı ilin 6-7 mart tarixlərində 1000-dən çox mütəxəssisin iştirakı nəzərdə tutulan növbəti “Perio Master Clinic” beynəlxalq parodontologiya konfransının Azərbaycanda Bakı Konqres Mərkəzində keçirilməsinə nail oluşdur. Bu nüfuzlu tədbirin təşkilat komitəsi sədrliyi Cavid Əhmədbəyli’yə, elmi komitənin sədri vəzifəsi isə İspaniyanın Madrid Komplutense Universitetinin professoru Mariano Sanz’a həvalə edilmişdir. 2023-cü ildən Avropa Periodontologiya Federasiyasının İcraiyyə Komitəsinin üzvü və 2026-cı ildə Bakı şəhərində keçiriləcək Perio Master Clinic konfransının Təşkilat Komitəsinin sədridir.

   Azərbaycan Parodontologiya Cəmiyyətinin (PERIOAZ) və Avropa Parodontologiya Federasiyasının (EFP) fəal üzvüdür. Azərbaycan, türk, ingilis və  rus dillərini sərbəst bilir.

© 2024 Cavid Ahmedbeyli 

bottom of page